DUA VƏ EDİLMƏSİ

Allah bir ayəsində duanın əhəmiyyətini belə ifadə edir:

De ki: “Sizin duanız olmasaydı Rəbbim sizə dəyər verərdimi?”... (Furqan Surəsi, 77)

Həqiqətən də dua, bir mömini inkar edənlərdən fərqləndirən, Allah Qatında “qiymətli” edən təməl ibadətlərdən və imanın ən açıq göstəricilərindən biridir.


İnsanların çoxu bütün kainatın bir maddələr cəmi olduğunu və bu maddələrin də, heç bir ilahi idarə olmadan bir-birlərinə təsir edərək hərəkət etdiklərini zənn edirlər. Həqiqətdə var olan hər şeyin Allahın iradəsinə boyun əymiş olduğunun, hər şeyin ancaq Allahın “Ol” əmri ilə olduğunun fərqində deyildirlər. Buna görə də bütün həyatları bu maddələr dünyasında mübarizə, səy və məşğuliyyət içində çalışmaqla keçir.

Ancaq iman edən insan kainatın sirrini bilir. Buna görə də istədiyi bir şeyə nail olmağın əsl yolunun, o şeyləri yaradanınadan istəmək olduğunu da anlayır. Bilir ki, Allah hər şeyi Öz iradəsinə boyun əydirmişdir, hər şeyə hakimdir və Özündən kömək istəyən qullarına da şəfqətlidir. Allah bir ayəsində qullarına belə səslənir:

(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə Surəsi, 186)

Ancaq bilinməlidir ki, “qəbul”, duada istənən hər şeyin verilməsi demək deyil. Çünki insan cahildir və ayədə ifadə edildiyi şəkliylə “... xeyirə dua etdiyi kimi, şərə də dua etməkdədir” (İsra Surəsi, 11). Bu səbəblə Allah, hər duaya qarşılıq verər, amma bəzən istənəni verər, bəzən də o istənən şey həqiqətdə bir “şər”dir; verməz. 

Duanın necə ediləcəyi isə yenə Qurana baxaraq təyin edilməlidir. Allah duanı yalnız Özünə xas edilmiş, qorxu və ümidlə, yalvara-yalvara, daxildən ediləcək bir ibadət olaraq təsvir edir. Bu xüsusiyyətlərə sahib olmayan, Allahın əzəmətini təqdir edə bilməyən bir dua, həqiqi bir dua olmayacaq. Dua ancaq ixlaslı, candan, səmimi bir şəkildə, çox istəyərək, yalvararaq, Allahdan qorxaraq və qarşılığını görmənin ümidi içində olaraq edildiyində həqiqi mənada dua olar. 

Duada çox səmimi olmaq və Allahla çox yaxın bir əlaqə qurmaq lazımdır. Necə ki, Qurandakı, “Rəbbinizə yalvara yalvara və için-için dua edin...” (Əraf Surəsi, 55) “Ona qorxaraq və ümid edərək dua edin. Doğrusu Allahın rəhməti yaxşılıq edənlərə çox yaxındır” (Əraf Surəsi, 56) ayələri necə dua etmək lazım olduğunu ən açıq şəkildə təsvir edir. Bir başqa ayədə isə Allahın adları ilə dua edilməsinə belə diqqət çəkilir:

Adların ən gözəli Allahındır. Elə isə Ona bunlarla dua edin... (Əraf Surəsi, 180)

Dua anı insanın öz acizliyini və Allahın sonsuz qüdrətini ən nəzərə çarpan bir şəkildə hiss etdiyi andır. Allah bütün kainata nəzarət edən, gücü hər şeyə çatan, gizlinin gizlisini bilən, hər şeydən xəbərdar olandır. İnsanın duasını eşidən və ona qarşılıq verəcək olan da sonsuz şəfqətli Rəbbimizdir. Duadan qaçmaq isə Allahın bu böyük rəhmətindən üz çevirmək, qürurlanmaq mənasını verir. Necə ki, Allah Quranda belə buyurur:

... Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Mömin Surəsi, 60)

Dua mömin üçün həm ibadət, həm qüvvətli bir silah, həm də böyük bir nemətdir. Yalnız “istəmək” kimi həqiqətən asan bir hərəkətlə maddi-mənəvi hər şeyi əldə etməyin açarıdır.
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner