HƏR AN DAVAM EDƏN İMTAHAN

Dünyada reallaşan və insanın da şahid olduğu heç bir hadisə məqsədsiz və əbəs yerə reallaşmır. Allah hər şeyi bir hikmətlə yaradır. Bunu qavramaq isə insanın şüuruna bağlıdır. İmanı, bununla əlaqəli olaraq da ağlı və bəsirəti artan insan hadisələrdəki hikmətləri getdikcə daha yaxşı qavrayır.

Bu hikmətlərin ən əhəmiyyətlilərindən biri isə insanın imtahan edilməsidir. Allah qarşısına çıxardığı xüsusi yaradılmış vəziyyətlərlə, insanın səmimiyyətini və imanını yoxlayır. Ona bəzən nemət verərək şükür edib-etməyəcəyini ortaya çıxarır. Bəzən də təvəkküllü və sədaqətli davranıb-davranmadığını ortaya çıxarmaq üçün çətinlik verir. Bir ayədə belə buyrulur:


Hər bir kəs ölümü dadacaqdır. Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! (Ənbiya Surəsi, 35)

İmtahanın fərqli-fərqli növləri olacaq. Bu vəziyyət bir başqa ayədə belə açıqlanır:

Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver! (Bəqərə Surəsi, 155)

Əslində insanın bütün həyatı imtahan sirrinə uyğun olaraq hazırlanır. Əvvəla bədəni özünə imtahan üçün verilib. Quranda “Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.” (İnsan Surəsi, 2) hökmü verilir. Bu səbəbdən insanın eşitdiyi və gördüyü hər şey həqiqətdə özü üçün bir imtahandır. Qarşılaşdığı hər hadisədə qarşısında iki variant var; ya Quranın hökmünə, ya da öz nəfsinin ehtiraslarına görə hərəkət etmək. Allah, müxtəlif çətinliklər meydana gətirərək möminin səbrini və dözümlülüyünü də sınayır. Bunların ən əhəmiyyətlilərindən biri inkarçılar tərəfindən möminlərə edilən təzyiqlərdir. Sözlü hücumlar, lağ etmək, fiziki təzyiqlər, hətta işgəncələr və öldürmə təşəbbüslərini ehtiva edən bütün bu fəaliyyətlər ancaq möminləri sınamaq üçündür. Bir ayədə belə buyurulur:

Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq işlərdəndir. (Ali-İmran Surəsi, 186)

İmtahanın ən əhəmiyyətli cəhəti qarşılaşdığımız vəziyyətin Allahın yaratdığı xüsusi bir sınaq olduğunun bilinməsidir. Əgər insanın qavrayışı məhdud olsa, qarşılaşdığı vəziyyətin imtahan olduğunu anlamasa, çox səthi dünyagörüşünə sahib olar. Quranda özlərinə qoyulan şənbə günü qadağasını aşan Yəhudilərin qarşılaşdığı bu cür vəziyyət belə izah edilir:

Onlardan dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü həddi aşırdılar. O vaxt şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları üçün Biz onları belə imtahana çəkirdik. (Əraf Surəsi, 163)

İmtahan ağılla aydın olar və ağılla keçilər. Buna görə də mömin həyatının hər anında imtahan dünyasında yaşadığını bir an olsun belə unutmamaq və Allahın hikmətlərini görə bilmək üçün dua etməli, diqqətli və ehtiyatlı davranmalıdır. Unudulmamalıdır ki, cənnət kimi böyük bir mükafat, yalnız “iman etdik” deməklə qazanılmaz. Allah bu həqiqəti ayələrində belə xəbər vermişdir:

İnsanlar yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da, yalançıları da çox gözəl tanıyar! (Ənkəbut Surəsi, 2-3)

Bir başqa ayədə isə belə deyilir:

Yoxsa Allah içərinizdən cihad edənləri və səbr edənləri bilib ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz? (Ali-İmran Surəsi, 142)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner