DÜNYA HƏYATININ MÜVƏQQƏTİ OLMASI

İnsan dünyaya müvəqqəti olaraq gəlmişdir. Burada həm sınanılacaq, həm öyrədiləcək, sonra da axirətdəki əbədi yurduna gedəcək. Dünyadakı nemətlər, gözəlliklər isə cənnətdəki gerçək nemətlərin çox məhdud bir kopiyası olaraq və axirəti xatırlatmaq üçün yaradılmışdır.

Ancaq inkarçılar bunu qavraya bilməz və əbədi zənn etdikləri dünyanı həyatlarının tək məqsədi halına gətirərlər. Bu isə tamamilə səhvdir. Çünki son dərəcə müvəqqəti, əskik və qüsurlu olan dünya nemətləri əbədiyyətə və mükəmməlliyə can atan insanı təmin edə bilməz. Allah dünyanın bir aldanış olduğunu bir ayədə belə bildirir:


Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid Surəsi, 20)

Həqiqətən də, qəflət içində yaşayan inkarçıların hamısı, yuxarida sadalanan bir neçə hədəfə (mal və uşaqlarda çoxalma ehtirası, öyünmə kimi) çatmağı məqsəd hesab edərək yaşayırlar. Ali-İmran Surəsindəki ayələrdə dünyanın aldadıcı xisləti haqqında belə buyurulur:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür." (Ali-İmran Surəsi, 14-15)

Dünya axirətlə müqayisə olunmayacaq qədər sadə və dəyərsizdir. Bunu ifadə etmək üçün işlətdiyimiz Ərəbcədəki "dünya" sözü "dar, sıxılmış, murdar yer" mənasından törəmişdir. İnsanlar dünya üzərində keçirəcəkləri 60-70 illik ömrü təzə-təzə çox uzun və zövqləri təmin edəcək yer olaraq zənn edərlər, halbuki qısa bir müddət sonra bu ömrün sonuna çatdığını görərlər. Ölüm yaxınlaşdıqca da, yaşadıqları həyatın nə qədər qısa olduğunu daha yaxşı anlayarlar. Məhşər (diriliş) günü isə bele insanlarla bu cür rəftar olunar:

Dedi ki: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq. Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən (günləri) sayanlardan soruş”– deyəcəklər. (Allah) deyəcək: “Siz (orada) çox az qaldınız. Kaş (bunu) biləydiniz! Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız?" (Mu'minun Surəsi, 112-115)

Allaha üsyan edərək dünya həyatına ehtirasla bağlanmaq və axirəti sonuncu planda görmək, əbədi cəhənnəmlə cəzalandırılacaq bir günahdır. Allah "Kitabın bir hissəsinə inanıb, bir hissəsini inkar edənlər" haqqında bu hökmü verir:

"Onlar axirəti verib dünya həyatını satın aldılar. Ona görə də onların nə əzabı yüngülləşdiriləcək, nə də onlara kömək göstəriləcəkdir." (Bəqərə Surəsi, 86)

Başqa ayələrdə isə belə buyurulur:

Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların- məhz onların qazandıqları (günahlara) görə sığınacaqları yer oddur. (Yunus Surəsi, 7-8)

Bəzi insanlar dünyanın Allahın yaratdığı müvəqqəti məkan olduğunu inkar edirlər. Daha doğrusu bu müvəqqəti məkanda Allahın yaratdığı bəzi nemətlərə Rəbbimizdən üz çevirərək ehtirasla bağlanırlar. Belə bir insan əlbəttə ki əzaba layiqdir. Quranda belələrinin vəziyyəti çox açıq ifadə edilmişdir. Ayələrdə belə hökm verilir:

Kim həddi aşmışsa, dünya həyatını (axirətdən )üstün bilmişsə, həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır (Naziat Surəsi, 37-39)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner