ŞÜKR

Allah hər şeyi bir məqsəd və hikmətlə yaratdığı kimi, insana verdiyi nemətləri də bir məqsədlə yaratmışdır. İnsana verilən hər şey- həyat, iman, ruzilər, sağlamlıq, göz, qulaq bütün bunlar insanın Allaha şükr etməsi üçün bir nemətdir.

Əgər insan cahiliyyə cəmiyyətinin qəflət pərdəsini qaldırsa xoşuna gələn hər bir şeyin Allahdan gələn bir nemət olduğunu görə bilər. Yediyi bütün qidalar, tənəffüs etdiyi təmiz hava, ətrafındakı gözəlliklər, bütün bunları görməsini təmin edən gözü, hər şey, və tamamiylə hər şey Allahdan bir nemətdir. Belə ki, bu nemətlər sayıla bilməyəcək qədər çoxdur. Bu həqiqət Quranda belə bildirilir:


Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl Surəsi, 18)

Əlbəttə ki, bütün bu nemətlər nə talan edilmək üçün, nə nəfslərinin istədiyi kimi istifadə edilmək üçün, nə də məsuliyyətsiz və vicdansizcasına istehlak edilmək üçün yaradılmamışlar. Əksinə, nemətin bəxş edilməsində olan məqsəd, o nemətdən istifadə edən adamı Allaha yönəltməkdir. Çünki verilən hər şeyin qarşılığında şükr tələb edilir. Ən böyük və ən gözəl nemətləri daim insanlara verən Allaha səmimi bir şəkildə şükr etmək lazımdır.

Şükr həm böyük bir ibadətdir, həm də insanı "azğınlaşmaqdan" qoruyur. Çünki insanın nəfsində zənginlik və ya güc əldə etdikdə zalımlaşmağa, zorbalaşmağa, vicdansızlaşmağa doğru bir meyl vardır. Şükr "azğınlaşmağın" qarşısını birmənalı şəkildə alan əhəmiyyətli bir faktordur.

Şükr edən insan bilir ki, əlinə keçən hər neməti özünə verən Allahdır. Böyük mövqe, böyük mülk və hakimiyyət verilən Hz. Davud, Hz. Süleyman kimi peyğəmbərlərin təvazö, səmimiyyət və yüksək mədəniyyət sahibi olmaqlarının açarı məhz budur. Ona verilən mal-mülk səbəbiylə azğınlaşan Qarunun da əsl problemi şükr etməyi bilməməsi idi.

Əgər bir insan ona verilən nemətlərə görə Allaha şükr etsə, Allah ona daha çox nemət verər. Allahın Quranda bildirdiyi "...Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, şübhəsiz ki, Mənim əzabım şiddətlidir." (İbrahim Surəsi, 7) hökmü bunu ifadə edir.

Şükr yalnız Allaha söz ilə həmd etməklə deyil, Rəbbimizin verdiyi nemətləri Haqq yolunda istifadə etməklə olur. Mömin ona verilən hər şeyi Allahın dininə xidmət üçün istifadə etməklə mükəlləfdir. Məsələn, Allahın ona verdiyi bədəni Onun razılığı üçün istifadə edəcək. Quranda Allahın nemətlərinə şükr etməyin, Onun nemətlərini başqalarına izah etməklə, yəni dini təbliğ etməklə olacağı belə ifadə edilir:

Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi? Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi? Kasıb olduğun zaman səni varlandırmadımı? Elə isə yetimə xor baxma! Səndən (kömək) diləyəni qovma! Və Rəbbinin nemətini dayanmadan anlat. (Zuha 5-11)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner