MÜLKÜN HƏQİQİ SAHİBİ

İnsanların çəkdiyi bəlaların və ya bir-birlərinə qarşı etdikləri əziyyətlərin əsas səbəblərindən biri mal-mülk uğrunda aparılan mübarizədir. Hətta cahiliyyə cəmiyyətinin bütün həyatı "mülk sahibi olmaq" ehtirasına həsr olunur. Belə insanlar bütün zamanlarını daha çox mala sahib ola bilmək üçün sərf edir, bu ehtirası həyatlarının ən böyük məqsədi halına gətirirlər.

Halbuki dünya həyatının özülünü təşkil edən bu "çoxaltmaq ehtirası" (Hədid Surəsi, 20), tam mənasıyla bir aldanışdır. Çünki yer üzündəki bütün mülkün sahibi Allahdır. İnsanlar "mal sahibi" olduqlarını zənn etməklə özlərini aldadarlar. Sahib olduqlarını zənn etdikləri şeyləri özləri yaratmayıblar, o şeyləri yaşatmağa gücləri çatmaz. Yox olmalarına da heç bir maneçilik törədə bilməzlər. Daha doğrusu nəyəsə "sahib" olacaq bir vəziyyətləri yoxdur, çünki özləri başqa bir varlığın "mülkü"dürlər. "İnsanların sahibi" (Nas Surəsi, 2) olan Allahın idarəsi altındadırlar.

Quranda bütün varlıqların onları yaratmış olan Allahın mülkü olduğu belə xəbər verilir: "Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur." (Taha Surəsi, 6) Başqa bir ayədə isə belə deyilir: "Məgər bilmirsən ki, göylərin və yerin hökmranlığı Allaha məxsusdur? O, istədiyinə əzab verər, istədiyini də bağışlayar. Allah hər şeyə qadirdir." (Maidə Surəsi, 40)

Allah sahib olduqları malları insanlara dünya həyatında "əmanət" olaraq vermişdir. Bu əmanət müəyyən bir vaxta qədərdir və əlbəttə vaxtı çatdıqda onun hesabı soruşulacaq.

İnsandan soruşulacaq hesab ona "əmanət" olaraq verilən mülkü necə və hansı fikirlə istifadə etdiyidir. Əgər o mülkü özününki saymış və o mülkdən istifadə etməyin yollarını açıqlayan rəsullara qarşı ayədə xəbər verildiyi kimi "Mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? " (Hud Surəsi, 87) deyə cavab veribsə, böyük bir əzaba düçar olar. Quranda belə insanların başına gələcək hadisələr belə xəbər verilir:

Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır. (Ali-İmran Surəsi, 180)

Ayədə ifadə edildiyi kimi Allahın bol lütfkarlığından insanlara verilən mallar o insanlar tərəfindən "xəsislik" etmədən xərclənilməsi üçündür. İnsan malı özününküləşdirib onu mühafizə etməyə çalışmaqdansa, malın gerçək sahibinin Allah olduğunu bilmək və malı Rəbbimizin əmr etdiyi şəkildə xərcləmək məsuliyyətinə sahibdir.

Ona əmanət verilən mallardan öz ehtiyacları üçün lazımlı olan məqbul bir qisimini istifadə edəcək və Quranda bildirildiyi kimi "ehtiyacdan artıq qalanını"(Bəqərə Surəsi, 219) isə Allah yolunda xərcləyəcək. Əgər Allah yolunda xərcləmək yerinə bu malları "yığmağa" çalışsa, onları özününküləşdirmiş olar. Bunun axirətdəki cəzası çox ağırdır. Bu insanlar haqqında Allah Tövbə Surəsindəki bəzi ayələrdə belə buyurur:

... Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri üzücü bir əzabla müjdələ. O gün bu (yığdıqları sərvətlər) Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və (onlara:) “Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!”(deyiləcəkdir.) (Tövbə Surəsi, 34-35)

İslamda "qənaət"(iqtisad) vardır, amma "malı yığmaq" yoxdur. Möminlər yığılacaq mallara deyil yalnız Allaha güvənirlər. Allah da bu təvəkküllərinə qarşılıq olaraq onların bərəkətini artırır. İnfak etdikləri (Allah yolunda xərclədikləri) mallara qarşılıq olaraq, onlara daha çoxunu verər. Ancaq onlar bunu da infak edərlər, Allah isə nemətini daha da artırar. Ayələrin birində infakın bərəkəti belə ifadə edilir:

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir. (Bəqərə Surəsi, 261)

Malı mənimsəyən və onu xeyirli işlərdə xərcləməyib yığanın vəziyyəti isə belə izah edilir:

O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hütəmə nədir? (Bu,) Allahın qaladığı Oddur. (Hüməzə Surəsi, 2-6)
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner