MÜBAHİSƏ ETMƏMƏK

Möminlərin inkarçılar qarşısındakı müvəffəqiyyətlərinin sirlərindən biri də aralarındakı qardaşlıq və həmrəylikdir. Quranda, "Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir." (Səff Surəsi, 4) ayəsi ilə bu birlik və həmrəyliyin əhəmiyyəti vurğulanır.

Buna görə də bu birlik və həmrəyliyi zədələyəcək, möminlərin arasını vuracaq hər cür söz və ya davranış dinə qarşı bir rəftar olar. Necə ki, Allah Quranda möminləri bu təhlükəyə qarşı belə xəbərdar etmişdir:

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal Surəsi, 46)

Saleh bir mömin, belə bir mübahisə və çəkişməyə yer verməmək üçün maksimum diqqət göstərməlidir. Daim digər mömin qardaşlarını incidə biləcək söz və davranışlardan diqqətlə uzaq durmalı, aradakı sevgi və etibarı daha da artıracaq rəftar sərgiləməlidir. Quranda bu mövzuda belə hökm verilir:

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra Surəsi, 53)

Mömin başqa bir mömin qardaşı ilə fərqli fikirdə olduğu zaman hadisəyə mümkün olduğu qədər hörmətlə yanaşmalı, təvazökar olmalı və beləliklə iki fərqli fikirin "müşavirə" ölçüsündə qalmasını və əsla "mübahisə" statusuna girməməsini təmin etməlidir. Digər iki qardaşı arasında arzuounmaz bir hadisə olduğunda isə "Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin." (Hucurat Surəsi, 10) ayəsindəki hökmə uyğun bir üslubla qardaşlarının arasını düzəltməlidir. Unudulmamalıdır ki, möminlər arasındakı ən kiçik bir qarşıdurma Allahın məmnun olmayacağı bir rəftardır.
 

QURAN ƏXLAQI © 2008. Template Design By: SkinCorner